Həkəri (çay)
Həkəri (Əkərə) — Arazın sol qoludur. Laçın, Qubadlı və Zəngilan rayonları ərazisindən axır.
== Ümumi məlumat ==
Uzunluğu 113 km (Şəlvəçayın mənbəyindən hesablandıqda 155 km), hövzəsinin sahəsi 2570 km2-dir. Kiçik Qafqazın Azərbaycan daxilində Tərtərçaydan sonra (Bazarçayla birlikdə) ikinci böyük çayıdır. Başlanğıcını Mıxtökən silsiləsinin cənub yamacından, Şiştəpə zirvəsindən 3,5 km şərqdə 2580 m yüksəklikdən alan Şəlvəçay və Hocazsuçay çaylarının qovuşmasından (950 m) əmələ gəlir, Zəngilan rayonunda Araz çayına birləşir. Başlıca qolları, sağdan Hocazsuçay (uzunluğu 43 km), Zabuxçay (uzunluğu 51 km), Ağsuçay (uzunluğu 25 km), soldan Şəlvəçay (uzunluğu 42 km), Piçənisçay (uzunluğu 29 km), Xoznavar (uzunluğu 14 km) çaylarıdır. Axımı qar (23%), yağış (1-5%) və yeraltı (62%) sulardan əmələ gəlir. Yaz-yay aylarında qar suları çayda daşqın əmələ gətirir. Daşqın dövründə (aprel-iyun aylarında) illik axımının 60-70%-i keçir. Çayda ən az su sərfi qış aylarında müşahidə edilir.